Azərbaycanın hər yerindən mənim şəkillərim yığışdırılsın
Yazar: azizmehdi

İlham Əliyev:"Azərbaycanın hər yerindən mənim şəkillərim yığışdırılsın"
Dünən Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazilər Kabinetində 2008-ci ilin altı ayının yekunları və görüləcək işlərlə bağlı müşavirə keçirilib. Müşavirədə çıxış edən Azərbaycan prezidenti ölkədəki inkişafdan, siyasi və iqtisadi islahatların aparılmasının vacibliyindən danışıb. Müşavirəni APA-ya şərh edən Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, dövlət başçısı bütün rayon və şəhərlərdə portretlərinin yığışdırılması barədə göstəriş verib: “Prezident deyib ki, bu, həm də prezident seçkisi ilə bağlı kampaniya başlayanda seçki qanunvericiliyinə hörmətdir. Cənab prezident qeyd etdi ki, seçki kampaniyası başlayanda o da namizədlərdən biri olacaq, ona görə də heç yerdə başqalarından artıq şəkli olmamalıdır. Digər tərəfdən, ümumiyyətlə, cənab prezident belə portretlərin asılmasının əleyhinə olduğunu söylədi. Dövlət başçısı qeyd etdi ki, o, əməli fəaliyyəti ilə xalqın qəlbində qalmaq istəyir, portretlər ona lazım deyil”. Ə.Həsənov dövlət başçısının Bakı Şəhər İcra Hakimiyyətinə və yerli icra hakimiyyəti başçılarına qısa müddətdə rayonlardan, yollardan, parklardan portretlərinin yığışdırılması haqqında göstəriş verdiyini, bundan sonra heç yerdə portretlərinin asılmamasını tapşırdığını söylədi. Ə.Həsənov dövlət başçısının müşavirədə məruzə ilə çıxış edərək, Azərbaycanın sosial-iqtisadi inkişafında bütün sahələrdə irəliləmələrin davam etdiyini diqqətə çatdırdığını bildirdi. Dövlət başçısın bu ilin altı ayında Ümumi Daxili Məhsulun 16,5 faiz təşkil etdiyini, bunun 14 faizini sənayedə, 10 faizini kənd təsərrüfatında müşahidə olunduğunu dedi. Altı ay ərzində inflyasiya 20 faiz təşkil edib, əhalinin pul gəlirləri isə 32 faiz artıb. Ölkə iqtisadiyyatına bütün mənbələr üzrə kapital qoyuluşu 4,4 milyard dollar təşkil edib ki, bunun da 3,1 milyard dolları daxili sərmayə, 1,3 milyard dolları isə xarici sərmayənin payına düşür. Özəl sektorun payı ÜDM-nın artımında 84 faiz təşkil edib. Azərbaycanın valyuta ehtiyatları 13 milyard dollardan artıqdır. Dövlət 6 ay ərzində 467 insana və ya 100 min ailəyə sosial müdafiə yardımı göstərib. Ə. Həsənov prezidentin qarşıda bir çox vəzifələr də qoyduğunu vurğulayıb. Onun sözlərinə görə, dövlət başçısı ilk növbədə inflyasiyanın qarşısının alınması tədbirlərinin davam etdirilməsi haqda göstəriş verib: “Cənab prezident bildirib ki, bütün obyektiv, subyektiv və beynəlxalq şərtlər nəzərə alınmaqla inflyasiyaya qarşı mübarizə tədbirləri davam etdirilməlidir. Minimum təqaüd və minimum əmək haqqı artırılmalıdır. Bölgələrin inkişaf proqramı davam etdirilməli, infrastruktur layihələri tamamlanmalıdır. Xəstəxana, məktəb, mədəniyyət evləri, turistik yerlər, qaz çəkilişi, su və yol çəkilişləri həyata keçirilməli və bütün regionların inkişafı şəhərlərin inkişafına yaxınlaşdırılmalıdır. Ordu quruculuğu və müdafiə sənayesinin gücləndirilməsi tədbirləri haqqında ciddi işlər görülməlidir”. Ə. Həsənov prezident İlham Əliyevin təhlükəsizlik məsələlərinə də toxunduğunu , Azərbaycanın özünün enerji təhlükəsizliyini təmin etdiyini, enerji ehtiyatlarını xarici bazara sərbəst çıxara bildiyi haqda məlumat verdiyini də deyib: “Dövlət başçısı qeyd etdi ki, nəqliyyat təhlükəsizliyi istiqamətində ciddi addımlar atılıb. Bakı-Tiblisi-Qars dəmiryolu və digər nəqliyyat layihələri baş çatdırılandan sonra ölkənin nəqliyyat təhlükəsizliyi də təmin olunacaq. Hazırda Bakı-Gürcüstan, Bakı-İran və Bakı-Rusiya istiqamətində avtomobil yolları çəkilir”. Şöbə müdiri dövlət başçısının məruzəsində informasiya və ərzaq təhlükəsizliyinə də toxunulduğunu bildirib: “Ərzaq təhlükəsizliyi ilə bağlı dövlət proqramı hazırlanır. Taxıl və digər ərzaq təhlükəsizliyi ilə bağlı ciddi iş getməlidir. Nazirlər Kabineti əsas prioritet fəaliyyətlərindən birini də bu sahəyə yönəltməlidir. Ölkənin informasiya təhlükəsizliyi ilə bağlı yeniliklər həyata keçirilməlidir”. Ə. Həsənov dövlət başçısının gələn il üçün informasiya sputniklərinin kosmosa çıxarılması və bu sahədə aparılan digər işlərlə bağlı tapşırıqlar verdiyini də bildirib. Şöbə müdiri müşavirədə dövlət başçısının maliyyə nizam-intizamının yaradılmasına toxunduğunu da deyib: “Prezident qeyd etdi ki, büdcə imkanlarının artmasından istifadə edərək, bəzi nazirliklər, komitə və şirkətlər şişirdilmiş büdcə proqnozları hazırlamağa cəhd göstərməsinlər. Dövlətin xarici və daxili investisiya siyasəti ilə bağlı ciddi işlər görülməlidir. Daxildə dövlətə lazım olan sahələrin inkişafı təsdiq olunmalı, xarici ölkələrdə Azərbaycan kapitalını yatırılması davam etdirilmədir”. Ə. Həsənov müşavirənin sonunda prezident İlham Əliyevin bütün şəhər və rayon icra strukturlarına xüsusi müraciət etdiyini də deyib. Onun sözlərinə görə, Azərbaycan prezidenti ölkədə keçiriləcək prezident seçkisində Seçki Məcəlləsinin bütün tələblərinə əməl olunması haqqında göstəriş verib: “Dövlət başçısı bildirdi ki, seçki tam ədalətli və şəffaf keçirilməli, əhalinin etimadını qazanmalı, bütün namizədlərə bərabər təbliğat şəraiti yaradılmalıdır. Beynəlxalq standartlara cavab verən seçki keçirilməlidir. Seçkidə administrativ resurslardan qətiyyən istifadə olunmamalıdır. Prezidentliyə namizədlərin heç birinə üstünlük verilməməlidir” Mənbə:APA |


